Çap

Şair Baltacı Araz

Şairin Həyatı

Baltacı Araz adı ilə tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Güney Azərbaycanın Mərənd bölgəsində yerləşən Yuxarı Dizə kəndində dünyaya gəlmişdir.
Orta təhsilini doğma Mərənd şəhərində başa çatdırdıqdan sonra 1975-1979-cü illər arasında İstanbulun Mimar Sinan Güzəl Sanatlar Üniversitesində ali təhsil almışdır.
1979–cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mubarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan “Yoldaş” dərgisində işıq üzü görmüşdür.

1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir.
Baltacı Araz öz məqalə və şeirlərində Pəhləvi sülaləsi zamanı, eləcə də həmin təfəkkürün davamı olan bugünkü Iran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan Türklərinin problemlərini,  tapdalanmış doğal haqlarını dilə gətirmiş, yazdığı əsərlərində Azərbaycanın özgürlük məfkurəsinin bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ... əsaslarının nəzəri təhlilini vermişdir.

Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır.  Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düçüncəsini ortaya qoyur.

Şair yazır:

O tay ilə bu tay vahid bir candır,  Adı odlar yurdu Azərbaycandır!

Şair "O tay, bu tay Vətəndir" adlı əsərində oxucuya bütöv Azərbaycan ideyasını aşılayır, millətimizin siyasi və milli baxımdan şüurlanması işinə öz payını verir. O, bu əsərini xalqımızın bütöv Azərbaycan arzusunu, istəyini yansıdan və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını dalğalandıran Gülüstan poemasının yaradıcısı olan unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadəyə ithaf etmişdir.

Şair Baltacı Arazın digər önəmli əsəri “Uyqarlaş” adlı kitabıdır.  Şair bu əsərində insanları uyqar, mədəni və çağdaş olmağa, öz haqlarını tanıyıb qorumağa çağırır. O,  Azərbaycan Türk  xalqını İslamın gerici ehkamlarına, irqçi Firdovsisayağı baxışlara uymamağa səsləyir. O, qadın haqqında  dargörüşlü baxışları, Türk kültürünə və ictimaiyyətinə aşılanmış irticaçı və geridəgalmış düşüncəni tanıdır, çağdaş insana yaraşan baxışlarını ortaya qoyur. Onun fikrincə, qadın azadlığı hər ülkədə onun mədəniyyəti və insan haqlarını tanımaq ölçüsüdür. Şair deyirdi, azad ana azad övlad yetişdirər, insansevərliyi və özgürlüyü onun ruhuna aşılıyar. Azad ruhlu insan kölə olmaz, kölə etməz və hər zaman öz haqqını arayıb alar.
Baltacı Araz ömrünün sonunadək Güney Azərbaycanın özgürlüyü, eləcə də erməni daşnakları tərəfindən işqal olunmuş Qarabağın azadlığı uğrunda qələmi ilə mubarizə aparmışdır. Bu məsələlər haqqında hazırladığı „Təbriz ilə Qarabağımızı kim qurtaracaq?“ adlı kitabında o taylı-bu taylı soydaşlarımızın ortaq dərdi – işğalda olan torpaqlarımızı düşünmək və birgə çıxış yolu ilə bağlı düşüncə və fikirlərini yazmışdır.

Ürəyi xalqla döyünən şairimiz ömrünün son dəqiqələrində Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən 2012-ci il iyunun 25-də, səhər saat 5:00-da ürək infarktı geçirərək dünyasını dəyişmişdir. Şair 2012-ci il iyunun 28-də Almanıyanın Münster şəhərindəki Lauheide məzarlığında torpağa tapışırılıb.
Yurdsevər Güney Azərbaycanın istiqlal şairi Baltacı Arazdan aşağıdakı:
Uyqarlaş,
O tay, bu tay Vətəndir,
Təbriz ilə Qarabağımızı kim qurtaracaq?
Azərbaycan abestene isteqlal əst (Fars dilinde) adlı əsərlər yadigar qalmışdır.

Şair öz səmərəli yaşamını sevdiyi vətəninin və xalqının azadlığı yolunda ərmağan qoymuşdur. Onun əsərləri 2004-cü ildən etibarən AzadtribunSolgunaz internet sitələrində yayımlanmaqdadır.

Qaynaq:  Şair Baltacı araz   www.otay-butay-vetendir.com