Çap

21 Azərə gedən yol

21 Azərə gedən yol

Prof.
Əkrəm Rəhimli - Bije


Güney Azərbaycanda Milli-Demokratik Hərəkatı (1941-1946-cı illər)

Bu qısa yazıda oxuculara tanınmış araşdırmaçı şərqsunas və tarixçi Prof. Əkrəm Rəhimli - Bijenin “21 Azərə gedən yol” (Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-cı illər) kitabından hissələri təqdim edirik. Kitabda 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur, 21 Azərə gedən mübarizə yolu tədqiq və təhlil edilir. Oxucularımız keçən yüzilliyin 40-cı illərində Güney Azərbaycandakı sosial, siyasi, iqtisadi və mədəni durum və olayların məzmun və mahiyyəti, 21 Azərin qələbəsi nəticəsində yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti ilə tanış olacaqlar.
Əsərdə Azərbaycan Milli Hökumətinin süqutunun səbəbləri, irticanın yenidən baş qaldırması və şah rejiminin qanlı olayları ilkin mənbələrdəki faktlar və sənədlər əsasında təqdim edilir.

* * *

Güney Azərbaycandakı 1941-1946-cı illər milli-demokratik hərəkatından və bu hərəkatın zirvəsi sayılan 21 Azər inqilabından (nehzətindən) 70 ilə yaxın vaxt keçir. Bu müddət ərzində İranda, eləcə də beynəlxalq aləmdə bir sıra mühüm dəyişikliklər baş verib. İranda şahlıq üsuli-idarəsi, keçmiş SSRİ-də isə «məğlubedilməz» Sovet İmperiyası ömrünü başa vurub, hər iki sistem dağılaraq tarixin arxivinə verilib. İranda Pəhləvi sülaləsi dövründə, keçmiş SSRİ-də isə Sovetlər zamanında bir sıra məsələlərin, o cümlədən arxiv sənədlərində mövcud olan fakt və məlumatların istifadəsi və yazılmasına yasaq qoyulduğundan bu mövzu da qapalı saxlanılıb. Müstəqilliyimizdən sonra yaranmış şərait bizə 40-cı illərdə Güneydəki xalq hərəkatını işıqlandırmaq və həqiqətləri olduğu kimi oxuculara çatdırmaq imkanı verir.
1941-1946-cı illərdə Güney Azərbaycandakı olaylarla bağlı Firqə arxivindəki materialların, o cümlədən, S.C.Pişəvərinin əsər, məqalə və xatirələrinin, eləcə də İran, Türkiyə, Azərbaycan və onun sərhədlərindən kənarda yazılmış çoxsaylı əsərlərdə mövcud olan faktların və arxivlərdə saxlanılan sənədlərin bir qisminin işıq üzü görməsi 1941-1946-cı illərdə Güneydəki olaylara - 21 Azər mövzusuna, Azərbaycan Milli Hökuməti ilə bağlı məsələlərə yenidən qayıtmaq zərurəti yaradır. Bu baxımdan müəllifin mütaliə, tədqiqat və axtarışlarının nəticəsi olan bu kitabda heç bir ideoloji cərəyana meyil etmədən Güneydə baş vermiş hadisələrin obyektiv şəkildə oxucuya çatdırılmasına cəhd olunur.

Məlum olduğu kimi, 40-cı illərin ilk yarısında Güneydəki xalq hərəkatı, Azərbaycan Demokrat Firqəsi, 21 Azər, Milli Hökumətlə bağlı kitablar, tədqiqatlar, məqalələr, xatirələr və arxiv sənədləri həm İranda, həm də onun hüdudlarından kənarda çap olunub. Bunların bir çoxu dövrün və rejimlərin ruhuna uyğun yazıldığından, onlardakı faktlar və şərhlər çox vaxt obyektiv məzmundan uzaq olmuş, bəzən də real düşünən müəlliflərə həqiqətləri olduğu kimi yazmağa imkan verilməyib. 1978-1979-cu il İran inqilabına qədər bu ölkədə çap olunmuş kitab və məqalələrdə şah rejiminin Güney Azərbaycandakı ayrı-seçkilik əməllərin, törətdiyi cinayətlərin, günahsız qətllərin, həbs və sürgünlərin üzərindən ya sükutla keçilib, ya da olaylara bilərəkdən başqa rəng verilib. Hər şey rejimin senzurası altında olduğundan Azərbaycandakı hadisələrlə bağlı məsələlər birtərəfli şərh edilib, şahənşah qoşununun 1946-cı ilin noyabr-dekabr aylarında Azərbaycana hücumuna və törədilmiş qanlı hadisələrə bəraət qazandırmağa cəhd olunub. Bunun üçün qondarma və yalan uydurmalar («təcziyə tələblik» - separatçılıq - Allahsız bolşeviklərə satılma və s.) ortaya atılıb, həqiqətlər bilərəkdən təhrif olunub.

Şahlıq rejiminin devrilməsi və dövlət senzurasının bir qədər yumşaldılması ilə son illərdə İranda çap edilmiş əsərlərdə, məqalələrdə, müsahibə və xatirələrdə 1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkat və muxtariyyət tələbi haqqında bir sıra həqiqətlər yazılır və etiraf edilir. Bu baxımdan azərbaycanlı ziyalıların (eləcə də tələbələrin) təşəbbüsü ilə çap olunan mətbuatın xidməti xüsusi qeyd edilməlidir. «Tribun», «Varlıq», «Səhər», «Yol», «Öyrənci», «Savalan», «Çağrı», «Səhənd», «Çiçək», «Xəzər» və s., xaricdə çap olunan «Tribun», «21 Azər», «Azərbaycan», «İldırım», «Araz», «Günəş», «Azərbaycanın səsi», «Kimlik» və s. Kimi jurnalların, eləcə də Təbrizdə, Urmiyada, Ərdəbildə, Zənganda, Həmədanda və digər Azərbaycan şəhərlərində çap olunan anadilli qəzetlərin bu sahədəki fəaliyyəti önəmlidir. Onların səhifələrində vaxtaşırı gedən məqalələr, xatirələr və müsahibələr 21 Azər hərəkatı, Azərbaycan Milli Hökuməti ilə bağlı bir sıra mübahisəli, kölgəli və qaranlıq məsələlərin işıqlandırılmasında dəyərli xidmət göstərib. Bundan başqa, Məmmədrza şahın dostu olmuş və onun xəfiyyə orqanında işləmiş Hüseyn Fərdustun, atası 40-cı illərdə Təbrizdəki ABŞ konsulunun müavini vəzifəsində çalışmış amerikalı Robert Rossonun, Hüseyn Əlizadənin (Barış Mərəndli), 1945-ci ildə Təbrizdəki hərbi qornizonun baş komandanı, general Ələkbər Deraxşaninin, İran Xalq Partiyasının keçmiş sədri Nurəddin Keyannurinin, Əsəd Müstəfinin, «Dad» qəzetinin baş redaktoru Əbülhəsən Ümid Nurinin, eləcə də 21 Azər hərəkatının iştirakçıları və hadisələrin canlı şahidi olmuş Balaş Azəroğlunun, Əmrəli Lahrudinin, Nüsrətulla Cahanşahlunun, Ehsan Təbərinin, Həmid Mollazadənin, Əyyub Nəmininin, Əbülfəz Haşiminin çap olunmuş xatirələrində və yazılarında 21 Azərlə bağlı həqiqətə söykənən xeyli material var. Milli Hökumətdə daxili işlər naziri (vəziri), sonra isə qısa müddət ərzində Azərbaycan valisi (ostandarı) olmuş doktor Salamulla Cavidin xatirələrində və əlyazmalarında bir çox qaranlıq və mübahisəli məsələlər aydınlaşdırılır.

Güney Azərbaycanda 1941-1946-cı illərdə baş vermiş hərəkat keçmiş Sovet məkanında hamıdan çox Quzeydəki müəlliflərin diqqətini çəkib və onların bir çoxu Güneydəki olayları və faciələri qələmə alarkən oradakı kədər və dərdlərlə yaşamalı olublar. Atalar yaxşı deyib: «Qardaşın ürəyi yanana yadın heç ətəyinin ucu da yanmaz». Mirzə İbrahimov, Cəfər Xəndan, Əvəz Sadıq, Qulam Məmmədli, Həsən Həsənov, Zülfəli İbrahimov, Əlövsət Quliyev, Qılman Musayev, Nüsrət Bağırov və başqaları kitab və yazılarında, Süleyman Rüstəm, Rəsul Rza, Səməd Vurğun, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Məmməd Rahim, Fikrət Sadıq, Fikrət Qoca və digər şairlər öz şeirlərində, Ənvər Məmmədxanlı, Hüseyn Mehdi, İlyas Əfəndiyev dram əsərlərində Güneydə azadlıq istəyən xalqın başına gətirilən faciələri böyük ürək ağrısı və vətəndaşlıq qeyrəti ilə xalqa çatdırmışlar. Güney Azərbaycandakı siyasi, iqtisadi, sosial və ədəbi-mədəni hərəkat Azərbaycan güneyşünaslığının mühüm tədqiqat obyekti olmuş və olaraq qalır.

Bu sahədə 70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun tərkibində yaradılmış «Güney Azərbaycan tarixi» şöbəsi əməkdaşlarının, xüsusən Güneydəki xalq hərəkatının fəallarından olmuş M.Çeşmazərin əməyini xüsusi qeyd etməliyik.

Sovet rejimi dövründə Güney Azərbaycana aid yazılar, xüsusən 1941-1946-cı il xalq hərəkatı, 21 Azər və Azərbaycan Milli Hökumətinin fəaliyyəti və məğlubiyyəti ilə bağlı bir çox məsələlərin şərhi o vaxtkı siyasi mühitin çərçivəsindən kənara çıxa bilməyib. Buna görə həmin tədqiqatlarda və yazılarda bir sıra məsələlərə: Güney Azərbaycandakı hərəkata Sovetlərin xəyanəti və müdaxiləsi, Güneydə muxtar türk dövlətinin yaradılmasına Stalin-Mikoyan-Beriya dəstəsinin mənfi münasibəti, İran Xalq Partiyasının (Tudə) Azərbaycan Demokrat Firqəsinə və Azərbaycandakı xalq hərəkatına qısqanc münasibəti və bir çox hallarda qarşı durması, Qəvamülsəltənənin Sovet rəhbərliyi ilə Moskvadakı sövdələşməsinin mahiyyəti, Milli Hökumətin süqutunda neft amilinin rolu və İrana qarşı Sovet ekspansiya niyyətləri, şah qoşunlarının Azərbaycana hücumundan əvvəl hazırlanmış təxribat əməliyyatı, Milli Hökumətin məğlubiyyətinin səbəbləri, taktiki səhvləri və ondan alınan ibrət dərsləri və s. bu məsələlərə 90-cı illərin əvvəllərinə qədər Sovet ideoloji təzyiqinin nəticələrinə yetərincə cavab verilməmişdi. Son illərdə bu boşluğun doldurulmasında həm Güneydə fəaliyyət göstərən, həm də Azərbaycan Respublikası tarixçilərinin əsər və kitablarında 1941-1946-cı illərdə Güneydəki xalq hərəkatına və onun ayrı-ayrı məsələlərinə işıq salınsa da, bu sahədə tədqiqat və axtarışları davam etdirməyə ehtiyac var. Əlbəttə, biz də bu boşluğu tam doldurmaq iddiasında deyilik.

Qeyd etmək lazımdır ki, hər bir arxiv sənədində mövcud olan məlumat və faktlar ayrı-ayrı insanların və məmurların subyektiv fikri, siyasi mühitin təzyiq və təsiri altında ola bilər. Bu səbəbdən onları süzgəcdən keçirmədən ehkam kimi qəbul etmək olmaz. Arxivdə saxlanılan sənədlər bəzən müxtəlif düşüncə tərzinə sahib insanların təfəkkürünün məhsuludur və yuxarı orqanlara verdiyi məlumatdır. Bu yazılarda və verilən məlumatlarda subyektivlikdən irəli gələn yanlışlıqların olması istisna deyil.

Azərbaycan Demokrat Firqəsi mühacirət dövründə 21 Azərlə, Azərbaycan Milli Hökuməti və onun fəaliyyəti ilə bağlı bir neçə kitab, broşura, bloknot və s. çap etdirmişdi. Firqənin orqanı olan «Azərbaycan» qəzeti, «Azərbaycan», «Səhər» jurnallarının səhifələrində bu problemə müəyyən yer verilib. Bundan əlavə, firqə kitabları seriyasından olan S.C.Pişəvərinin seçilmiş əsərləri, «21 Azər», «Azadlıq yolunun mübarizləri», «Sənədlər məcmuəsi (1324-1325)», «21 Azər (1324-1325) nehzəti İran milli demokrat hərəkatı tarixinin parlaq səhifəsidir» adlı kitabça, mərhum Lütfəli Ərdəbilinin hazırladığı «Fədailər Azərbaycan xalqının 21 Azər nehzətində» monoqrafiyası və bir sıra digər kitabçalar, xatirələr və broşuralarda 21 Azər hərəkatına, Azərbaycan Milli Hökumətinə və onu həyata keçirdiyi sosial, siyasi, iq-tisadi və mədəni tədbirlərə aid bir sıra materiallar verilmişdi. Bu materialların bir çoxunda da dövrün təzyiq və təsiri hiss olunur.

Bu mövzuya həsr edilmiş və dolayısı ilə ondan bəhs edən yazılarda 1941-1946-cı illərdə Güney Azərbaycandakı hərəkata, xüsusən 21 Azərlə bağlı məsələlərə yanaşma birmənalı deyil. Bir sıra tədqiqatlarda, kitab, məqalə və çıxışlarda Güneydəki xalq hərəkatının, o cümlədən, 21 Azərin milli zəmində, milli-demokratik qüvvələrin istəyi və fəal iştirakı ilə baş verdiyi istisnasız olaraq vurğulanır. Pəhləvilərin zülmünə, rejimin zorakılığına məruz qalmış, milli varlığı tapdalanmış xalq çıxış yolunu və qurtuluşu ayağa qalxıb mübarizəyə qoşulmaqda və zülmkar rejimi yıxmaqda görürdü. Hərəkatın milli zəmininin hələ məşrutə hərəkatı və Xiyabani dövründən hazırlandığı söylənilir. Hərəkata rəhbərlik edən liderlərin çoxunun ya özü, ya da ata-babaları Səttarxan və Xiyabani hərəkatının iştirakçıları idilər. Onlar Rza şahın zindanlarından, təqib və sürgün düşərgələrindən keçib gəlmiş adamlar olublar. Ağır mübarizə yolu keçmiş bu insanlar hərəkatın təşkilində, mütəşəkkilləşməsində və kütləni mübarizəyə qaldırmaq işində, eləcə də ADF-nin yaradılmasında yetərincə rol oynayıblar. Bunu həm Azərbaycan Demokrat Firqəsinin yaradılmasında, həm də 21 Azər və Milli Hökumət dövründə bir daha aydın görmək olur. Bu konsepsiyanın tərəfdarları qeyd edirlər ki, hər hansı bir ölkədə baş verən demokratik hərəkat təkcə öz qınına qapanıb qala bilməz. Belə bir tezis mövcuddur ki, «Həqiqi vətənpərvərlərin borcu xaricdən gələn köməkliyi rədd etmək deyil, bəlkə, hansı dövlətdən və nə vaxt kömək almaqdan ibarətdir». Hər hansı siyasi-ictimai hərəkat zamanı xaricin yardımından yararlanmaq yeni məsələ deyildi. Güney Azərbaycanda və İranda 21 Azərdən əvvəl olmuş hərəkatlarda da (eləcə də beynəlxalq miqyasda) xarici yardımdan istifadə olunub. Bu haqda Azərbaycan və İran beynəlxalq tarixşünaslığında çoxlu faktlar mövcuddur.

21 Azər hərəkatında xarici hərbi yardım məsələsində də fikirlər haçalanır. Bir qrup müəlliflər, hərəkata rəhbərlik edənlər və iştirakçılar belə hesab edirlər ki, 21 Azərdə fədailərinin istifadə etdikləri silahların çoxu İran ordusuna məxsus, tərksilah zamanı onların əllərindən alınmış silahlar idi. 1941-ci ilin avqust ayında xarici qüvvələr İrana yeridilərkən məğlubiyyətə və ruh düşkünlüyünə uğramış İran ordusunun (o cümlədən, 3, 4 və 5-ci diviziya) əsgərləri külli miqdarda silahı atıb qaçıblar. Bu vəziyyətdən istifadə edən xalq toplanmış silahın çox hissəsini sonradan İran dövlətinə təhvil verməyib və Azərbaycanın bir çox yerlərində (o cümlədən, Ərdəbil, Qaradağ, Marağa, Sərab, Xoy, Urmiya və s.) həmin silahlardan vaxtaşırı olaraq jandarmların tərksilah olunmasında istifadə ediblər. 21 Azər inqilabı zamanı tərk-silah edilmiş ordu, jandarm və polis qüvvələrindən alınmış silah və hərbi sursat xalq könüllülərinin (fədailərinin) silahlandırılmasında yetərincə gərəkli olub. Məsələyə obyektiv yanaşanların bir çoxu 21 Azər hərəkatında Sovet hərbi yardımından da istifadə olunduğunu istisna etmirlər.

Yuxarıdakı yanaşmadan fərqli olaraq, bəzi müəlliflər ADF-nin Moskvanın sifarişi və Bakının əli ilə ancaq Sovet doktrinası əsasında yaradıldığını iddia edib, 21 Azər hərəkatının Sovetlərin istəyi və tələbi ilə baş verdiyini söyləyirlər. Onların fikrincə, 21 Azərin və Azərbaycan Milli Hökumətinin milli zəmini yox idi, o, xaricin - Sovetlərin «resepti» və iştirakı ilə meydana gəlmişdi. 21 Azər, guya, yad əllərin yaratdığı və milli zəminsiz «qondarma» bir hərəkat olub. Hərəkatda iştirak edənlərin bir çoxu fədai paltarı geymiş Sovet zabit və əsgərləri imiş və s. Əsası olmayan, arqumentsiz söylənilən bu fikirlərin sahibləri, çox təəssüf ki, təkcə İranda və İran hüdudlarından kənarda olanlar deyildi. Bəzən Quzey Azərbaycan müəlliflərinin əsərlərində də bu cür yanlış fikir və mülahizələrə rast gəlmək olur. Əgər silah verməklə, hərbi yardımla istənilən siyasi məqsədə nail olunsaydı, onda Sovetlərin başçılığı altında dünya sosialist sistemi yaşayardı və qəti qələbəyə qovuşmuş olardı. Az silahla böyük qüvvələrin diz çökdürülməsinə aid tarixdə çoxlu faktlar var. Bu o zaman mümkün olur ki, xalqın istəyi və tələbi bir hədəf ətrafında monolitləşir və milli zəmində baş verir. Azadlıq təşnəsi olan, qəlbi, ruhu vətənin nicatı ilə döyünən, tapdalanmış hüququnu bərpa etmək uğurunda hər cür fədakarlığa hazır olan bir millət üçün onun kimdən silah almasından vacib, o silahı əldə saxlamaq və azadlıq üçün ölümə hazır olmaq istəyinin olması gərəkdir. Belə bir istək, belə bir məram 21 Azər hərəkatında Güneydəki soydaşlarımızı ADF-nin ətrafında birləşdirmiş, onlarda qələbəyə və milli qurtuluşa böyük və sarsılmaz inam yaratmışdı. İkinci dünya müharibəsi illərində Güneydəki xalq hərəkatına Sovetlərin yardımı və bir çox hallarda hərəkatı istiqamətləndirmək işinə müdaxiləsi danılmazdır. Bundan daha böyük və kəsərli fakt isə yuxarıda qeyd etdiyimiz kimi, hərəkatın əsasında milli azadlığını istəyən xalqın dayanması və hərəkata sayseçmə güneyli şəxsiyyətlərin başçılıq etməsidir.

Güney Azərbaycandakı hərəkata Sovetlərin müdaxiləsi məsələsində həmçinin belə bir cəhət diqqətdən qaçırılmamalıdır ki, 21 Azərə və ondan əvvəlki olaylara Sovetlər tərəfindən göstərilən köməklikdə əsas vasitəçi Quzey Azərbaycan, onun Sovet ordusu sırasında İrana gəlmiş ziyalıları (Əziz Əliyev, Mirzə İbrahimov, Əvəz Sadıq, Cəfər Xəndan, Süleyman Rüstəm, Qulam Məmmədli, Qılman İlkin (Musayev) və s.) və sıravi vətəndaşları olublar. Onlar vətənin o biri parçasının azadlığını güneylilərdən az istəmirdilər. Belə bir şəraitdə qardaşın doğma qardaşına inanmamağa mənəvi haqqı yox idi. Əslində, fakt və sənədlərin göstərdiyi kimi, 1946-cı ilin aprelinədək Quzey Azərbaycan rəhbərliyi və Güneydəki hərəkatı istiqamətləndirilməsində iştirak edən azərbaycanlıların özləri belə, Stalin-Mikoyan güruhunun gizli hazırladıqları xəyanət və dönüklükdən demək olar ki, xəbərsiz idilər. Moskvanın açıq xəyanətindən və riyakarlığından sonra ona qarşı çıxmaq, müqavimət göstərmək və ya hadisələrin sonrakı istiqamətini dəyişmək o zamankı tarixi şəraitdə mümkün deyildi. Bu o dövrün reallığıdır, onu nəzərə almadan 21 Azərlə bağlı hadisələri obyektiv qiymətləndirmək mümkün deyil.

1941-1946-cı illərdə Güney Azərbaycandakı milli-demokratik hərəkat haqqında müəyyən qədər yazılmasına baxmayaraq, bu hərəkat kompleks şəkildə ətraflı tədqiq olunub öyrənilməyib. XX əsrin son onilliklərində Sovet İttifaqının çökməsi və İranda şahlıq rejiminin aradan qalxması 1941-1946-cı illərdə Güneydəki xalq hərəkatının real işıqlandırılmasına imkan yaradıb. Biz bu imkandan faydalanıb problem üzrə boşluğu qismən də olsa doldurmağa, həqiqətləri üzə çıxartmağa çalışmışıq. Məqsədimiz şanlı keçmişimizlə, 21 Azərə gedən yolla və 21 Azərin mahiyyəti ilə bağlı olayları bir daha gündəmə gətirmək, ictimaiyyətin diqqətini bu mövzuya cəlb etmək və ən başlıcası, gənc nəsli o dövrün olayları ilə tanış etməkdir.

Əkrəm Rəhimli - Bije

                           GünazTv Oct.12.2017 Qaynaq: Dr. Əkrəm Rəhimli ilə yeni kitabı haqqında söhbət. (1)

GünazTv Oct.12.2017 Qaynaq: Dr. Əkrəm Rəhimli ilə yeni kitabı haqqında söhbət. (2)



Şərqşunas Professor Əkrəm Rəhimli cənablarından çap və nəşr olan kitabların listəsi: